QARABAĞ XANƏNDƏLƏRİ  | Səs mühazirəsi

Məktəb | Səs yazıları

 

 

 

QARABAĞ XANƏNDƏLİK MƏKTƏBİ

Səadət Təhmiraz qızı
Sənətşünaslıq üzrə fəlsəfə doktoru


Qarabağ xanəndəlik məktəbi böyük bir tarixi yol keçmişdir. Bu yolda addımlayaraq xanəndəlik sənəntini inkişaf etdirən və yeni yollar aşan ifaçılarımız çox olub. Onların adları Azərbaycan ifaçılıq sənəti tarixində hörmətlə çəkilir. Çünki onlar özlərindən sonra silinməz iz qoyublar.

 Qarabağda xanəndəlik sənəti demək olar ki, çox geniş yayılmış və ən dəyərli səslərin bir çoxu məhz Qarabağdan pərvazlanmışdı. Bunu da Qarabağın füsunkar təbiəti və bir də bu mahalın poeziya və musiqi beşiyi olması ilə əlaqələndirirlər. Hətta Qarabağı xüsusən də Şuşanı müasir dövrün mütəxəssisləri Konservatoriya adlandırırlar. Belı bir fikir də var, deyirlər ki, Qarabağda hamının gözəl səsi olur, burada hətta körpələr muğam üstə ağlayıb, gülürlər. Belə bir mühitdə xanəndələrin yetişməsi əlbəttə, təbiidir.

 Amma aydın məsələdir ki, xanəndəlik sənəti yalnız səsin olması ilə kifayətlənmir. Burada bir çox amillər var ki, onlar da peşəkarlıq tələb edir. Bunun üçün də xənəndənin maariflənməsi əsas şərtdir. Bu vacib tələbi nəzərə alaraq Qarabağda xüsusən də Şuşada uşaqlara erkən yaşlarından poeziya və musiqinin sirrləri öyrədilirdi.XIX əsrin ortalarından Şuşada xüsusi musiqi məktəbləri fəaliyyətə başladı. Bunlardan gözəl səsi olan Xarrat Qulunun məktəbi, dövrünün ensiklopedik biliyə malik olan mütəfəkkiri Mir Möhsün Nəvvabın məktəbi xüsusi olaraq xanəndəlik sənətinə böyük təkan verdi. Belə ki, bu adı çəkilən şəxslər xanəndəliyin əsas qayəsi olan muğam sənətini dərindən öyrənmiş və öz ardıcıllarına da bu bilgiləri aşılamışlar.

 Qarabağ xanəndələri hələ məktəblərin olmadığı vaxtlarda da mövcud olmuşlar. Onlar şifahi şəkildə meydana gələn el havalarını ifa etməklə xalq arasında tanınırdılar. Bunlardan Qarabağın ilk xanəndələr nəslini təmsil edən xanəndə Yusif, Həsəncə, Şükür oğlu Kərimin adını çəkə bilərik. Məhz bu xanəndələrdən sonra Xarrat Qulu öz məktəbini yaratmışdır. Bu məktəbin yetirmələri isə Qarabağ xanəndəlik sənətində yeni səhifələr açdılar. Onlar yalnız Qarabağın deyil, böyük Azərbaycanımızın adını ucaldaraq, yaxın və orta Şərqin tanınmış sənətkarlarına çevrildilər.Bu görkəmli ifaçılardan Məşədi İsi,Hacı Hüsü,Əbdülbaqi Zülalov,Malıbəyli Məşədi Keştazlı Haşım,Keçəçi oğlu Məhəmməd,Məşədi Məmməd Fərzəliyev,İslam Abdullayev və başqalarını qeyd edə bilərik.Bu sənətkarlar Qarabağda doğulub,boya-başa çataraq xanəndəlik sənətinə yiyələnmiş və özləri ilə bərabər bu sənətdə daha da məşhur olan sənətkarlar yetişdirdilər.Bu mənada Cabbar Qaryağdı oğlu,Seyid Şuşinski və Xan Şuşinskinin adları yalnız Qarabağın deyil,ümumazərbaycan mədəniyyətinə qızıl hərflərlə yazılan xanəndələrdir.Onlar Yaxın və Orta Şərqin birgə sənəti olan muğam ifaçılığının ən yüksək zirvəsini fəth etdilər.Bu sənətkarların yetişməsində görkəmli musiqişünas alim M.M.Nəvvabın da xüsusi rolu olub.Belə ki,onun yaratdığı "Məclisi Üns" poeziya və musiqi xiridarı üçün böyük məktəb idi.Məhz bu məclisin sorağı bütün Azərbaycana yayıldı.Şuşada daha bir məclis Xurşudbanu Natəvanın "Məclisi Fəramuşan",Şamaxıda "Beytül-səfa" və Bakıda musiqi məclisləri yarandı.Bu məclislər xanəndələr üçün daha bir məktəb və dostluq körpüsü oldu.

  Böyük tarixi yol keçən Qarabağ xanəndəlik sənəti özünəməxsus ənənələri ilə seçildi.Bu ənənələrdən ən başlıcası odur ki,Qarabağ xanəndələrinin səsi xüsusi bir ahəngə malikdir. O, səslər həm bir-birinə bənzəyir, həm də bir-birindən fərqlənir.

  Bu gün Azərbaycan xanəndəlik sənətində adı hörmətlə çəkilən Cabbarın, Seyidin, Xanın xələfləri olan Yaqub Məmmədov, Bakir Haşımov. Mütəllim Mütəllimov, İslam Rzayev, Sara Qədimova,İldırım Həsənov, Səxavət Məmmədov, Arif Babayev, Mənsum İbrahimov və başqaları öz səs palitraları ilə Qarabağ xanəndəlik sənətini daha da inkişaf etdiriblər.

 Qarabağ xanəndəlik sənətində bir neçə maraqlı cəhətlər də mövcud olub,məsələn elə sənətkarlar olub ki, xalq onlara xüsusi ləqəblər vermişdir. XIX əsrin ortalarında yaşayıb-yaradanlar Çətənə nəvəsi Əsəd, Dəli İsmayıl. Cəngçi Aslan, Dabbax İsmayıl. Şuşalı İbad, Bala Məhəmməd və s.bu qəbildəndir və Qarabağ muğam məktəbini təmsil edən belə sənətkarlar çoxdur. Onların başladığı sənət yolu Cabbar, Seyid. Xan zirvəsinə yüksəldi. Bu sənətkarlar cismən olmasalar da səsləri ilə vətənimizi dünyaya tanıdırlar.

  YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun Prezidenti, millət vəkili,xanım Mehriban Əliyevanın öz muğam layihələrini "Qarabağ xanəndələri" albomu ilə başlaması təsadüfi deyil.24 Qarabağ xanəndəsinin səsi və onlar haqqında toplanan məlumatlar Qarabağ xanəndəlik məktəbinin zənginliyini və Azərbaycan muğamlarının inkişafındakı xidmətlərini ifadə edir. Bu layihə dünyaya təqdim olunmaqla Qarabağ xanəndəlik məktəbinin sorağını da elə dünyaya yayır.

     

 

 

 
® Xan Şuşinski Fondu; Musiqi Dünyası, 2013 Layihənin iştirakçıları